Renato Sançes

1997-ci il avqustun 18-də anadan olan Renato Sançes Fransanın “Lill” futbol klubunda və Portuqaliya millisində yarımmüdafiəçi mövqeyində çıxış edən portuqaliyalı peşəkar futbolçudur. Sançes Portuqaliyanın aşağı yaş qruplarından ibarət milli komandalarında ümumilikdə 40-dan çox oyuna çıxıb və 8 qol vurub. O, tam beynəlxalq debütünü 2016-cı ilin mart ayında edib və 18 yaşında Portuqaliya millisinin UEFA AVRO-2016™ heyətinə seçilərək beynəlxalq turnirdə oynayan ən gənc, eyni zamanda, UEFA AVRO™-nun qalibi olan ən gənc portuqaliyalı futbolçu kimi tarixə düşüb. Sançes çempionat zamanı bir qola imza atıb və turnirin “ən yaxşı gənc oyunçusu” mükafatının qalibi olub. Qeyd edək ki, Portuqaliya millisi UEFA AVRO-2016™-da ilk dəfə Avropa çempionu tituluna yiyələnmişdi.

FRENKİ DE YONQ

Frenki de Yonq 1997-ci il mayın 12-də anadan olub. Futbolçu İspaniyanın “Barselona” klubunda və Niderland milli komandasında yarımmüdafiəçi mövqeyində çıxış edir. Universal oyunçu güclü müdafiə üsulları ilə də tanınır. De Yonq Niderland millisində debütünü 2018-ci ilin sentyabrında edib. Niderlandın yalnız finalda məğlub olduğu UEFA Millətlər Liqası onun futbol karyerasında yeni bir başlanğıc oldu. De Yonq 2019-cu ildə FIFA FIFPro World11-ə seçildi və son beş ildə bu heyətə seçilən üç niderlandlı futbolçudan biri oldu.