• 1. KLEMENT BÜTÜN OYUNLARA XORUZU İLƏ BİRLİKDƏ AZARKEŞLİK EDİB

    Futbolsevərlər yaxşı bilir ki, xoruz Fransanın milli simvollarından biri sayılır. Çünki bu simvolu biz hətta Fransa milli yığmasının geyimində və emblemində də görə bilərik. Güman ki, Klemen Tomaşevski də bundan ilhamlanaraq, xoruzunu azarkeş yoldaşı kimi özü ilə oyunlara aparıb. Baltazar adlı bu xoruz 1998-ci il dünya çempionatında məşhurlaşır. Və 20 ilə yaxındır ki, Fransanın futbol rəmzinə çevrilib. Qeyd edək ki, əfsanəvi Fransa azarkeşi Klement 2018-ci ildə 254-cü dəfə Fransa millisinin matçını azarkeş kimi stadiondan dəstəkləyib. O, 8 dünya çempionatı oyununu canlı izləyərək, müxtəlif ölkələri gəzib. 72 yaşlı Klementin futbol sevgisi əsl azarkeş ehtirasıdır. Daha İrəliyə aparan əsl azarkeş hekayəsidir!

  • 2. ƏLİ MATÇI İZLƏMƏK ÜÇÜN KRAN İCARƏYƏ GÖTÜRDÜ!

    Türkiyədə bir futbol azarkeşi sevimli klubunun matçını izləmək üçün birillik stadion qadağasını dəf etməkdən ötrü yaradıcı həll yolunu tapır. Beləcə, sübut edir ki, futbol sevgisinin qarşısında heç bir əngəl dayana bilməz! Hətta qanunlar belə! Dənizli Atatürk Stadionuna girişi naməlum səbəblərə görə qadağan edilən türkiyəli futbol azarkeşi Əli Dəmirqaya oyunu izləmək üçün kran icarəyə götürür. Stadionun hüdudlarından olduqca hündürdə dayanan Əlinin əngəlləri aşaraq izlədiyi bu oyun “Denizlispor”un “Gaziantepspor” üzərindəki 5:0 hesablı qələbəsi ilə başa çatır. Əli hətta kranın başından öz şüarları ilə tribuna liderinə çevrilir. Əli Dəmirqaya müsahibəsində, “Bu matç komandamız üçün çox vacib idi. Matçı stadiondan izləmədiyimi sübut etmək üçün polis bölməsinə getməli və sənədə imza atmalı oldum. Daha sonra kranı icarəyə götürdüm”, - dedi.

  • 3. MAURİSİYO AZARKEŞLİK ETDİYİ KOMANDANIN GEYİMİNİ ÖZ BƏDƏNİNƏ DÖYMƏ ETDİRDİ

    Belə görünür ki, Maurisiyo dos Anhos bizim çoxumuzdan daha sadiq azarkeşdir. Niyə belə düşündüyümüzü fikirləşirsiniz? Siz azarkeşlik etdiyiniz komandanın son 40 ildə qələbə qazandığı oyunlarının sayını bilə bilərsiniz, yaxud komandanıza çempionluğu qazandıran baş məşqçilərdən hər birinin adını yadda saxlaya bilərsiniz. Bax, amma siz əsl azarkeş kimi komandanızın köynəyini bədəninizə döymə etdirməyi düşünmüsünüz? Maurisiyo bunu etdi! Döymə salonuna birillik get-gəllərdən sonra, nəhayət ki, 33 yaşlı braziliyalı azarkeş “Flamenqo” komandasının zolaqlı geyimini öz bədəninə həkk etdirməyi tamamladı. Onun bədəninin 40%-ni əhatə edən döymə “Flamenqo” komandasının 2015-ci ildəki ev geyiminin üst hissəsinin eynisini təşkil edir.

  • 4. MEKSİKALI AZARKEŞ ARVADINA SİQARET ALMAĞA GETDİYİNİ DEYİR, AMMA RUSİYAYA – KONFEDERASİYALAR KUBOKUNU İZLƏMƏYƏ GEDİR

    Sirr deyil ki, hər bir sadiq azarkeş öz klubunun, komandasının oyununu izləmək, onları daha yaxından görmək üçün ən ağlasığmaz variantlara əl atır. Meksikalı azarkeş Arturo Qarsia isə bu eşqi Konfederasiyalar Kubokunda tamamilə yeni səviyyəyə çatdırdı. İllərdir ki, Pueblada yaşayan Arturo xanımına deyir ki, mağazaya siqaret almağa gedir. Evdən çıxan Qarsia mağaza yerinə hava limanına üz tutur və sevimli milli komandasının oyununu izləmək üçün Rusiyaya uçur. “El Tri” azarkeşi yığdığı pullarını bu səyahətə xərcləyir. Səyahət fiziki və sağlamlıq baxımdan Arturo üçün elə də rahat olmur – o, Almaniyaya uçmaq üçün əvvəlcə paytaxta gedir. Orada axill vətərini ciddi şəkildə zədələyir. Sizcə, bu şiddətli ağrı komandasını izləmək üçün onun Rusiyaya getmək eşqini üstələyirmi? Əlbəttə ki, yox! Əminliklə deyə bilərik ki, Qarsia nə vaxtsa bu ağrısını unudacaq, amma Konfederasiyalar Kubokunda öz komandasının qalibiyyətinə şahidlik etməsi ömür boyu onun yaddından çıxmayacaq.